top of page
Search
  • Writer's pictureHikmat Zeynalli

Şəhid olmaq istərdinmi?...

Yəqinki bir çoxumuz məktəbin girəcəyindəki divarda Milli qəhrəmanlarımızın rəsmləri olan lövhəni görmüşük. Mən o lövhəyə baxmağı çox sevirdim. Tənəffüsdə və ya dəhlizdə, kimisə gözləyərkən də o lövhəyə baxardım. Orada olan şəkillərin nəyə görə asıldığını tam anlamırdım. Mənim üçün orada saçı gur qıvrım, bığlı kişilər var idi. Onların içərisində bir-birilərinə oxşayanlarını seçmək xoşuma gəlirdi. Əksər tənəffüslərdə bunu edirdim. Çünki başqaları ilə ünsiyyət qurmağı çox sevmirdim.



Ailəmin bir tərəfi Qarabağlıdır (Şuşadan). Evdə hər zaman Qarabağla bağlı söhbətlər gedirdi. İsa bulağı, İbrahimxəlil Xan Məscidi, Cıdır düzünün gözəlliyi ilə bağlı xeyli danışılırdı. Mənə hər zaman maraqlı gəlib o yerləri görmək. Nə qədər istəməsəmdə nənəm məni vətənpərvər böyüdüb. Yadımdadır mənə deyərdi “əgər ölsəm, qəbrim harada olursa olsun Şuşa azad olunanda məni orada basdır”. Mən də hər səfərində söz verirdim. Tez-tez xatırladardı bunu mənə, ona görə də, ətrafı yeni qavradığım vaxtlardan etibarən beynimə həkk olub. Bəlkə də nənəm bununla təskinlik tapırdı özündə. Çox istəyirdi Qarabağı son dəfə görmək amma nəsib olmadı.

Çox uzatmaq istəmirəm. Bunları yazdım ona görə ki, sərhəddə baş verən gərginlik o anları xatırlatdı mənə. Vətən uğrunda şəhid verərkən məni ən əsas bir sual maraqlandırır. Görəsən o, şəhid olmaq istəyirdimi?Çünki ölüm sondur. Yəni ölüm həyatda verə biləcəyin ən son qərardır. Ondan sorası yoxdur. Varsa belə orada artıq qərarları sən vermirsən. Görəsən şəhidlər bu həyatdakı son qərarlarını necə vermişdilər və ya vermişdilərmi?

Yadımdadır, əsgərliyin ilk vaxtları idi. Bizə karantin dövründə şifahi təlimlər keçirlir, hərbi nizamnamə öyrədilirdi. O vaxt zastava rəisimiz təlimlərin birində maraqlı fikir səsləndirdi: “Əgər səngərdə və ya normal rejimdə şəhid olsanız, demək ki, səhv sizdədir” (düzdür o tamam başqa cür demişdi, amma məna olaraq eynidir). Fikirini belə izah etdi ki, əgər səngərdə sən başını kifayət qədər əymədinsə və düşmən səni vurdusa, deməli günah sənindir. Texnika çox inkişaf edib və müharibə başlasa, canlı qüvvəni məhv etmək çox asan olacaq. Nəysə. Bu tip təlimlər çox olsa da, əsas fikir beynimə həkk olmuşdu. Çünki zabitin dediyi kimi ehtiyatsızlıqdan şəhid oluramsa, deməli vətənə xeyrim dəyməyib. Nəticədə 1 canlı qüvvə hədər getmiş olur.

Amma bu dəfə məsələ tamam fərqlidir axı. Şəhidlərimiz döyüşdə həlak olublar. Amma görəsən həlak olmaq istəyirdilərmi? İndi sakitçilikdə, Bakıda, adi həyat tərzimdəki vəziyyətimdə mən istəyərdim Şəhid olmaq. Amma həmin vəziyyətdə istəyəcəkdimmi? Bunu bilmirəm.

Xəyyam Daşdəmirov 2002-ci il təvəllüddür. Təsəvvür edirsiniz? XXI əsrdə dünyaya gəlib və hələ gəncliyinin ilk çağını yaşayırdı. Aprel ayında hərbi xidmətə yollanıb. Əsgərlikdə olanlar yaxşı bilər xidmətin ilk 3 ayı ən ağır dönəmlərdən sayılır. Uyğunlaşmaq olmur, sıra addımı öyrədilir və əsasən də təmizlik-təsəərrüfat işləri görürsən. İlk 3 ayda hələ də tam olaraq nə baş verdiyini bilmirsən, açılışmırsan, ən əsası hələ də silahdan tam istifadə etmirsən. Xəyyam əsgərliyinin ən yaxşı vaxtlarını görmədən şəhid oldu. Mən amma yenə pis yaxşı yaşamışam, yaxşı ömür keçirmişəm. Az-çox silahdan istifadəni də bilir. Amma şəhid olan Xəyyam oldu. Xəyyam indi məzuniyyətinə gün saymalı idi. Həftə sonları anası ilə telefonla danışıb hər şeyin yaxşı olduğunu deməli idi ən azından. Amma o, nə qədər tez olsa da, döyüş yerinə yollanmalı oldu və insanların qəlbində yerini tapdı (eyni zamanda statuslarında). Əslində mən şəhid olsaydım daha yaxşı olardı. Həyatımı sürmüşəm, az iş görməmişəm, ailəm bir qədər də olsa fəxr edib mənimlə bəsdir. Evdə yolumu gözləyən anam yoxdur ki, ona görə sağ qalmağa çalışım. Bəlkə Şəhid olsam onu görə bilərəm. Atam var, o da əminəm ki, yenə də oğlu ilə fəxr edərdi. 7-8 il yaşca məncə kiçik olan gənc şəhid olur mənsə gələcəyimi qurmaq üçün əlləşirəm, gələcəyimə plan qururam. Yəqin ki, hər birimiz öncədən cızılmış yolu var həyatda bütün bunlar ona görədi.



Yazının əvvəlində Milli qəhrəmanlarımız olan lövhədən danışmışdım. Ona görə danışmışdım ki, mənim də oğlum böyüyəndə o lövhəyə baxıb, baxıb bir müddət sonra onun mənasını anlasın. Orada Xəyyamın və onun yolundan gedənlərin gözlərini görsün!


Allah Şəhidlərimizə rəhmət eləsin!

33 views0 comments

Recent Posts

See All
bottom of page