top of page
Search
  • Writer's pictureHikmat Zeynalli

Virusun izlədiyi tələbə

Updated: Aug 21, 2020

Mən Çində təhsil alıram və bütün bu hadisələr başlamazdan öncə Pekində oxuyur, gələcəkdə ölkəm üçün lazımlı kadr olmağa çalışırdım. 2019-cu ilin avqustunda Çin Neft Universitetinin Enerji Maliyyəsi ixtisasına qəbul almışdım. Enerji sektoru üzrə dünyanın ən yaxşı universitetində təhsil alacağım üçün çox həvəsli, qürurlu və iddialı idim. Bu, həyatımın şansı idi deyə bilərdim. Neft ölkəsi olan Azərbaycanıma qayıtdıqdan sonra iqtisadiyyatımız üçün ən lazımlı şəxslərdən biri olacağıma inanırdım. İndi də inanıram.



Dekabrın sonları idi. Təhsilim uğurla davam edirdi. Fakultədə beynəlxalq tələbələr arasında semestr birincisi idim. Atam, universitet rəhbərliyi, müəllim və professor heyəti məndən çox razı idi. Bir gün, dostlarımla söhbət zamanı Uhanda yaşayanlardan belə bir virusun mövcudluğu barədə xəbər aldıq.Sözün düzü ilk məqamda ciddiyə almadıq. Çünki biz daha öncə heç zaman belə bir qlobal məsələ ilə qarşı-qarşıya gəlməmişdik. Düşünmürdük ki, COVID-19 adlandırılacaq virus yüzlərlə kilometr aralıdan bizə gəlib çata bilər. Zamanla sosial şəbəkələrdə və saytlarda virusla bağlı yeni-yeni xəbərlər alırdıq. Media təhlükənin ciddi olması barədə ciddi xəbərdarlıq edirdi. Bəs, biz nə edirdik? Təbii ki, yenə də ciddiyə almırdıq, almayacaqdıqda. Axı niyə ciddiyə almalı idik? O qədər insan içərisində hər halda biz yoluxmayacaqdıq.

Hər bir tələbənin universitet həyatında “ən yaxın dost” adlandırdığı bir nəfər olur. Məndə bu şəxs Nidal oldu. Nidal sudanlı idi və ölkəsində ən savadlı tələbələrdən hesab olunurdu. Universitet həyatımız birlikdə keçirdi və eyni ixtisas üzrə təhsil alırdı. Amma daha sonra onun başına gələnlər və taleyin bizə etdikləri gələcək planlarımızın bir çoxunu alt-üst etmişdi.

Yanvar ayının əvvəlləri idi. Artıq təhsilimin ilk hissəsini başa vurmuşdum və vətənə qayıtmağa hazırlaşırdım. İnsanlara edilən bütün çağırışlara baxmayaraq virus hələ ki, geniş vüsət almamışdı və normal həyat davam edirdi. Ölkəmə geri qayıtdım. Vətənim üçün çox darıxmışdım. Çünki bu qədər uzun müddətə ondan ayrı qalmamışdım. Həqiqətən də vətən həsrəti fərqli duyğu imiş.

Çalışdığım müəssisəyə qayıtdım. Növbəti semestr başlayanadək burada işləməyə davam edəcəkdim. Hər kəs mənə fəxrlə baxırdı. Ölkə xaricində təhsil alır, savadlıdır, böyük gələcəyi var və sayrə, və sayrə... Əslində insana bu cür yanaşılanda onda lovğalıq hissləri baş qaldırır. Mən özümü buna alışdırmırdım və gündən-günə daha çox çalışırdım.

Yanvarın ortalarında Çində virusun artıq geniş şəkildə mutasiya verdiyi və sürətlə yayıldığı barədə xəbər aldım. Minlərlə insan artıq xəstəxanalara yerləşdirilmişdi. Ölənlər barədə məlumatlar gəlirdi.... Və sonda “Karantin”. Bütün ölkədə sərt rejim tətbiq edilmişdi. Bundan öncə düşünürdüm ki, karantin yalnız hərbi xidmətdə gənc əsgərlərin mövcud sistemə uyğunlaşdırılması üçün lazımlı tədbirdir. Amma xeyr. Bu həll üsulu bütöv xalqa da tətbiq olunurmuş. Hər gün vəziyyət daha da pisləşir, yoluxanların sayı artır, insanlar arasında təşviş yaranırdı. Amma mənim əhatəm hələ də, buna ciddi yanaşa bilmirdi. Açığı mən də ciddiyə almırdım. Çünki mən artıq Çində deyildim və virusla yenidən aramda minlərlə kilometr məsafə mövcud idi.



Bir gün Nidalla əlaqə saxlamaq üçün ona zəng etdim. Axı biz 6 aydır eyni sinifi, analitik qrupu bölüşürdük. Daim təhsilimizdə bir-birimizə kömək edirdik. Cavab vermədi. Bir neçə dəfə zəng etsəm də telefonu götürən olmadı. Bir neçə gün sonra Nidal barədə xəbər xəbər ala bildim. O, virusa yolxumuşdu. Axı necə? Axı biz yoluxa bilməzdik. Axı bu qədər insan arasında nəyə görə məhz Nidal?? O zaman anladım. Heç kəs bu həyatda ölümdən və təhlükədən sığortalanmayıb. Heç kəs toxunulmaz deyil.

Növbəti gün işə maska və əlcək geyərək gəldim. İnsanlar mənə qəribə baxırdı. Bir çoxları lağa qoyurdu. Hətta Çindən gəldiyimə görə mənə qarşı bir ayrı-seçkilik də formalaşmışdı. Məsələnin ciddiliyini izah edə bilmirdim. Amma bu təbii idi. Axı onlar da bir vaxt mənim fikirləşdiyim kimi fikirləşirdi. “Bizə heçnə olmayaz”. Anladım ki, bu təhlükəni anlamaq üçün zaman lazımdır. Bəlkə heç bizim sərhədlərədək virus gəlməyəcək? Allaha bunun üçün dua etdim və faəliyyətimə adi qaydada davam etdim.

Bir neçə gündən sonra Nidalla video görüntü ilə əlaqə yaratmağa müvəffəq oldum. Dərhal halını və vəziyyətini soruşdu. Bilirsiniz ilk cavabı necə oldu? – “Nəfəs ala bilmirəm”. Mənə otaqda olan hər bir şeyi virtual olaraq göstərdi. Süni nəfəs aparatını, onunla məşğul olan həkimləri, günü gündən necə zəiflədiyini... Bir sözlə, hər bir detalı. Demək biz heç də, bütün təhlükələrdən uzaq deyilmişik. O zaman anladım ki, hara da getsək, nə də etsək heç ağlımıza gəlməyən hadisələr də bizi ciddi imtahan qarşısında qoya bilər. Gələcəyimiz üçün çalışarkən hər zaman bu günümüzü unuduruq və vecimizə almırıq. Amma bir gün həmin gələcək bizim üçün sadəcə qeyb olacaq.





Yanvarın sonları, fevralın əvvəlləri virus qonşu ölkəmiz olan İranda yayılmağa başladı. Həm də sürətlə yayılırdı. Ölkəmizdə, əhali arasında, həmçinin də şirkətimizdə ciddi narahatlıq başladı. Görəsən bizim kimi stabil və sülhün hökm sürdüyü ölkədə belə bir bəlaya rast gəlinəcək? Bunun baş verəcəyəni artıq əmin idim. Çünki anlamışdım. Bu həyatda heç kim təhlükələrdən sığortalanmayıb. Amma başqaları da bunu başa düşürdümü? Təbii ki də xeyir. Heç kim özünü qorumur, tövsiyyələrə qulaq asmır, şəxsi prinsiplərinə uyğun yaşamağa davam edirdi. Məncə, xalqımızın üçün ən böyük problemlərindən biri də məhz budur. Tövsiyyələri görməməzlikdən gəlmək və vacib məsələlərə heç vaxt fikir verməmək. Hətta bu tövsiyyələrə riayət edənlərə belə kənardan məsxərə ilə yanaşılır. Axı niyə? Sizi buna nə vadar edir? Bu barədə çox düşünmüşəm və nəticəyə gəlmişəm ki, yəqin ki, mən də bu cür davranıram. Maraq dairəmdə olmayan məsələləri belə bəzən içimdə tənqid edirəm. Amma onu da deyim ki, bunu aradan qaldırmaq mümkündür. Çünki beynimizi maraq dairəmizdə olmayan məlumatları qəbul etməli deyil. Əmin olun buna ehtiyacımız yoxdur.

Fevralın 28-i. Şirkətdə gündəlik gördüyüm işə davam edirdim və budur.İlk yoluxma halı artıq vətənimdə də qeydə alındı. İnsanlar ciddi təlaş içərisində idi. Amma nə faydası. Biz xalq olaraq problemlərimizlə yaşamağı yaxşı bacarırıq. Çünki problemlərin həlli üçün heç zaman çalışmırıq. Bəlkə də, bu tip qlobal problemləri özümüzün deyil, başqalarının həll etməsində daha çox maraqlı oluruq. Vurğulaya biləcəyimiz nüanslar çoxdur.

Zaman keçirdi. Günü günə satır və heç nə olmamış kimi hər kəs yaşamına davam edirdi. Davam da etməli idi. Axı adi bir virusa görə nəyə görə evdə qapanıb oturmalı idik? Sözün düzü biz qəribə varlığıq. Biz - insanlar. Niyə sualını verirsinizsə, cavab bu olar ki, insan qadağan olunan hər bir şeyə daim meyl edir, amma o, əlçatan olduğu zaman həmin əşyaya heç zaman maraq göstərmir. Adəmin Cənnətdə qadağan olunmuş almanı dərməsi kimi. Tamahımız hər zaman bizi çətinliklərə salıb, müsibətlərə qərq edib. Təəssüf. Təəssüf ki, tarix bizə heç nə öyrədə bilməyib və bilməyəcəkdə.

Virus səngimək bilmirdi. Beş, on, yüz... hər gün rəqəmlər durmadan artır, xəstəliyə yoluxanlarla bərabər bizim üçün də nəfəs almaq çətinləşirdi. Pandemiya ölkəmizdə bir çox şeyi dəyişdi. Həyatında heç bir zaman tibbi maska geyməyən şəxslər ondan istifadə etməyə başladılar. Daim uzaq qaçdığımız sərxoş qoxusu verən insalar, daha çox etibarlı görünürdü. Qısası, maraqlı hadisələr baş verirdi. Alışmamışdım bunlara. Alışmaq bir qədər çətin idi. Amma sonradan hər şey qaydasına düşdü. İnsanlar yenə də daxillərində rahatlıq tapmaq üçün yeni bəhanələrə başladılar. Virus yoxdur, hamısı oyundur, xəstələnənlər haradadır və sayrə, və sayrə. İş yerimdə bu tip mülahizələri eşitməkdən bezmişdim. Axı insanlar ölürdü. Ölümlə bu cür davranmaq olmaz axı. Ölüm sondur, yekundur. Ölümdən sonrasını bilə bilmərik. Amma biz onun mövcudluğunu göstərən hər bir şeyə laqeyd yanaşırıq.

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hakimiyyət və səlahiyyətli şəxslər məsələyə qarışmalı oldular. Karantin rejimi başladıldı. Küçələr boş, parklar səssiz, insanlar sakit qaldı. Maraqlısı budur ki, “evdə qal”, “biz birlikdə gücülüyük” kimi fikirlər sanki ölkədə ümumi məzuniyyətlərin başladığı kimi anlaşıldı. Bir müddətdən sonra artıq küçələrdə gəzişənlər, mövcud vəziyyəti məsxərəyə qoyanların sayı durmadan artırdı. Tətbiq olunan yeni “sms icazə”lərinə məhəl qoyulmurdu. Budur. Yenidən özümüzü sübut etməyə başlamışdıq. Darıxıram, ürəyim sıxılır, nə qədər evdə oturmaq olar.... Hamı eyni fikirləri səsləndirir, özünə bəraət qazandırırdı. Marketlərdə ailəvi gəzənlər belə peyda olmuşdu. Bilmirdim. Bütün bunlara gülüm ya ağlayım?!

Nəticədə bütün görülən tədbirlərə, atılan addımlara baxmayaraq yenə də xalq olaraq narazı idik. Virus vətənimizə gəlməzdən öncə sərhədlərimizin bağlanmasını, xaricilərin gəlməməsini istəyənlər indi azadlıq tələb edir, gediş-gəlişin bərpasını istəyirdi. O zaman anladım ki, insanları idarə etmək necə də çətindir. İstəkləri, fikirləri, məqsədləri fərqli olanlar heç zaman bir istiqamətdə irəliləyə bilməz.

Hekayəmin sonunu isə bütün nağılların, romanların, əsərlərin vuran ürəyi olan qəhrəmanlarımıza həsr etmək istəyirəm. Bəli, bu dövrdə hamıdan daha çox əziyyət çəkən, gecə-gündüz fasiləsiz çalışan görünməyən, eşidilməyən qəhramanlarımıza. Həkimlərimizə və polislərimizə. Mən həkim ailəsində böyümüşəm. Uşaqlığımdan bəri bu peşənin necə çətin olduğunu bilirəm. Anamın və atamın gecə gündüz yardıma ehtiyacı olanlara, “kömək edin” deyə səslənənlərin əlini heç zaman geri çevirmədiyini görmüşəm. Bu səbəbdən həkim olmaq istəmədim. Mən bunu bacarmaram. Gecə-gündüz insanların qeydinə qala bilmərəm. Həyatımı onlara həsr edə bilmərəm. Amma valideynlərim edirdi.

Anam tələbəlikdən sonrakı bütün həyatını dünyaya yeni gələn və gələcək uşaqlara həsr etdi. Mən onu çox az görürdüm. Gecələr tez-tez işə getməli olurdu. O, işə gedərkən qorxurdum. Amma zamanla buna alışmalı oldum. Məcburi alışdım. Bəlkə də, həkim övladı olan kimsə bu hekayəni oxuyursa məni anlayar. Anam həyatını başqalarına həsr edərkən, özü fani dünyamıza vəda etməli oldu. Çox ailələrin üzünü güldürsə də, öz ailəsini hüznə boğdu. Amma mən onunla fəxr edirəm. Anam bu yolu seçmişdi və bu yoldakı vəzifəsini daim şərəfi ilə, ləyaqəti ilə yerinə yetirdi. İstənilən halda bir gün hamımız ölümü dadacağıq. Hər nə olursa olsun, qəlbimizin dərinliyində hər birimiz ölümümüzü gözləyirik.

Həkim və polislər isə ölümlə hər gün üz-üzədirlər. Ən azı son bir neçə ayda bu, onlar üçün daha yaxın oldu. Virus başqalarını qurtarmaq üçün özünü qurban verə biləcək insanların sınağına çevrildi. Bizim hər zaman şikayət etdiyimiz, bəyənmədiyimiz, hətta üzərlərinə hücum etdiyimiz insalar bu sınaqdan çıxmaq məcburiyyətində qaldılar. Düşünün ki, onlar bu vəziyyətdə insanlığa kömək etməkdən imtina etsəydilər nə baş verərdi?! Düşünün ki, yaşlı ananızı və ya atanızı xəstəxanaya gətirirsiniz. O, nəfəs ala bilmir. Boğulur. Amma ona heç kim kömək göstərmək istəmir. Hamı etiraz edir, üzünü çevirir. Çünki aylar əvvəl siz o, insanların üzünü qızartmısınız, onlara heç zaman lazım olan hörməti göstərməmisiniz. Bütün bunlar barədə düşünün. Məncə, anlayacaqsınız.

Yekunda geriyə çevrilib, yaşanan hər bir şeyə baxaq, nəzərdən keçirək. Nəsə öyrənə bildikmi? Yoxsa eyni cür yaşamağa davam etməliyik? Bəlkə də, pandemiya yeni və ideal cəmiyyət qurmağımız üçün yaranmış şansdır. Çünki dəyişməsək, xoşbəxt gələcəyə irəliləyə bilməyəcəyik. Gələcəyimizi düşünmürüksə, o zaman məhvə hazır olaq. Çünki təbiət əvvəl-axır qisasını bizdən alacaq.


Müəllif: Hikmət Zeynallı


130 views0 comments
bottom of page